Bakı, 14 may, ARHD.AZ
2022-ci ildə “TEKNOFEST” ilk dəfə ölkə xaricində – Azərbaycanda təşkil olunub. Bu, bizim üçün çox dəyərli və əlamətdar hadisə idi. “TEKNOFEST” vasitəsilə əsas məqsədlərimizdən biri Azərbaycanla tarixi, mənəvi və mədəni əlaqələrimizin elm və texnologiya müstəvisində daha da möhkəmləndirilməsi idi.
ARHD.AZ xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Türkiyə Texnologiya Komandası Fondunun (T3 Fondu) Direktorlar Şurasının sədri Elvan Kuzucu deyib.
Onun sözlərinə görə, bu çərçivədə keçirilən yarışmalar və Bakıda fəaliyyətə başlayan “Bilim Bakı” mərkəzinin açılışı əhəmiyyətli bir mərhələ olub:
“Sonrakı illərdə təşkil edilən “TEKNOFEST” tədbirlərində azərbaycanlı komandaların və gənclərin qazandığı uğurlar da bu inkişafın nəticəsidir”, – deyə Elvan Kuzucu əlavə edib.
T3 Fondu rəhbəri qeyd edib ki, hazırda məqsəd bu uğurlu modeli Azərbaycanın digər şəhərlərinə də yaymaqdır. Bu istiqamətdə yerli tərəfdaşlarla əməkdaşlıq davam etdirilir. “ASAN xidmət”lə birgə fəaliyyət nəticəsində Qubada ikinci “Bilim” mərkəzi istifadəyə verilib.
Elvan Kuzucu onu da bildirib ki, T3 Fondu ilə Türkiyə Maarif Vəqfi arasında sıx əməkdaşlıq mövcuddur: “İmzalanmış protokol çərçivəsində xaricdə fəaliyyət göstərən maarif məktəblərində ilk dəfə belə bir model tətbiq edilir. Bu, bizim üçün çox əhəmiyyətli bir nümunədir”, – deyə o bildirib.
O əlavə edib ki, həftəiçi günlərdə Azərbaycan Beynəlxalq Maarif Məktəbinin şagirdləri, həftəsonları isə digər məktəblərdə təhsil alan şagirdlər mərkəzin imkanlarından istifadə edə biləcəklər. Burada həm yay məktəbləri, həm də texnologiyaya yönəlmiş təlimlər təşkil olunacaq.
“Məqsədimiz iki ölkə arasındakı bağları daha da möhkəmləndirmək və bu mərkəzlərdə yetişən gənclərin insanlıq, cəmiyyət və dünya üçün faydalı təşəbbüslərlə çıxış etməsinə şərait yaratmaqdır. Texnologiyanın yalnız inkişaf deyil, həm də cəmiyyətin rifahı üçün istifadə olunmasını istəyirik. Bununla yanaşı, qədim mədəniyyətimizin ədalət və mərhəmət kimi dəyərlərinin də gənclərə aşılanmasını vacib hesab edirik. Layihənin uğurlu və xeyirli olmasını arzu edirəm”, – deyə Elvan Kuzucu əlavə edib.