
Bakı, 28 aprel, ARHD.AZ
Azərbaycanda əmək münasibətlərində rəqəmsal texnologiyaların tətbiqi sahəsində də mühüm nailiyyətlər əldə olunub. Əmək və Məşğulluq Alt Sistemi üzərindən əmək müqavilələrinin elektron formada bağlanması prosesi uğurla tətbiq edilir. Hazırda altsistemdə təxminən 1,6 milyondan artıq əmək müqaviləsi elektron formada bağlanmışdır ki, bu da mövcud müqavilələrin 87 faizini təşkil edir.
ARHD.AZ xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunan “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda çıxış edərkən deyib.
Nazir qeyd edib ki, bu altsistem sayəsində bədbəxt hadisələrə dair məlumatlar vahid elektron platformada toplanır və risklər süni intellekt dəstəyi ilə analiz edilir: "Bu, əməyin mühafizəsində qabaqlayıcı və proaktiv yanaşmanın əsas komponentlərindən biridir. Sistem imkan verir ki, istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta müqavilələri bağlamayan və minimum əməkhaqqı məbləğindən aşağı məbləğdə əməkhaqqı ödəyən işəgötürənləri müəyyən edib, onlar barəsində müvafiq maarifləndirmə, xəbərdarlıq və proaktiv nəzarət tədbirləri görək. Ötən il Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 23 mindən çox ərizə və şikayət araşdırılıb, 19,5 minə yaxın sorğu cavablandırılıb. 2024-cü ildə baş vermiş 2052 sayda bədbəxt hadisə araşdırılıb, istehsalatla bağlı olan 631 bədbəxt hadisənin təhqiqatı yekunlaşdırılıb".