USAID-in təhlükəli və dağıdıcı siyasətinin sonu mütləq gəlməli idi  ŞƏRH


Bakı, 7 fevral, ARHD.AZ

USAID-in təhlükəli və dağıdıcı siyasətinin sonu mütləq gəlməli idi 


ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) uzunmüddətli iqtisadi və sosial inkişafa yardım göstərmək adı ilə formalaşdırılmış təşkilat olsa da, bunu yalnız zahiri forma adlandırmaq olardı. Məsələnin pərdəarxası məqamları, əslində, başqa idi. Bu qurum yardım adı altında mümkün olan bütün çirkinliyə əl atmağa nail oldu. Xarici siyasət yürüdən müxtəlif dövlətlərin işlərinə qarışmaq, vətəndaş qarşıdurması, qeyri-sabit mühit yaratmaq, onları çevriliş və xaos təhlükəsi ilə üz-üzə qoymaq və s. Daxili əməl və niyyətini ört-basdır etməsi üçün müxtəlif regionlarda layihələr gerçəkləşdirməsi də ona qeyri-qanuni əməllərini gizləmək üçün lazım olurdu.

Bu fikirləri ARHD.AZ-a açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova söyləyib. O vurğulayıb ki, USAID-in Ermənistana göstərdiyi rəğbət, bu ölkəyə dəfələrlə maliyyə yardımları ayırması, buna əks olaraq isə Azərbaycana qarşı sərgilədiyi radikal mövqe, əsassız iddialarla çıxış etmələri, erməni havadarlığından qaynaqlanan mövqenin göstəricisi kimi ancaq təəssüf doğura bilərdi. Bu mənada Azərbaycan Prezidenti İlham Əliyevin hər məsələdə olduğu kimi, burada da qətiyyətli mövqeyi, ayıq-sayıq davranışı bu gün həm də uzaqgörən bir siyasətin çalarları kimi təqdir olunmalıdır. Ona görə də USAID-in fəaliyyətinin dayandırılması ilin başlanğıcı üçün sevindirici xəbər sayıla bilər.

“Sevinmək amilini öz ölkəmiz, Azərbaycana münasibətlə bağlı səsləndirmirəm. Çünki Azərbaycan ötən ilin fevralından USAID ilə müqavilənin müddətini uzatmağı mənasız sayıb, ondan imtina edib. Bunu daha qlobal mənada uğur adlandırmaq mümkündür. Çünki USAID-in səpdiyi şər toxumlarının arealı böyükdür, yaratdığı xaos və disharmoniya xalqlar, ölkələr arasında nifaq, təfriqə yaratmağa hesablanmış əməl göstəriciləridir. Ukraynada “narıncı”, Gürcüstanda “məxməri”, Qırğızıstanda isə “zanbaq” inqilablarının ssenarilərində USAID-in oynadığı rol yaxın və çağdaş tariximizin məşum səhifələrindəndir. Haqlı olaraq Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin USAID-in illik büdcəsinin 50-60 milyard dollar olan şəbəkəyə çevrildiyini bildirib. Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə bu qurumun öz maliyyəsindən ancaq digər ölkələrdə təfriqə və xaos yaratmaq üçün istifadə etdiyini vurğulayıb. İlon Mask USAID-i “məhvə məhkum qurum” və “cinayətkar yuva” adlandırıb”, - deyə E.Akimova əlavə edib.

“Buna bir az da ilahi ədalət prizmasından baxmalıyıq. İllərlə Azərbaycanın haqq davasına qarşı tutduğu əks mövqe, düşmən ölkənin militarizasiyasına verdiyi dəstək, ölkəmizin dəyərlərinə, suverenliyinə etinasizlıq və s. hər biri bu qurumun əsl mahiyyətini göstərmək üçün yetərli amillərdir. USAID-in təhlükəli və dağıdıcı siyasətinin sonu mütləq gəlməli idi. Hazırda təşkilat yenidən qurulma prosesindədir. Ümid edirik ki, yenidən formalaşdırılacaq USAID olanlardan nəticə çıxarmağı bacaracaq, başqa xalqların dəyərlərinə, milli maraqlarına rəğbətlə yanaşmağa çalışacaqdır”, - deyə deputat fikrini yekunlaşdırıb.

Baxış sayı: 5 436

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti İsmayıl Zalov

Tel: (+99455) 961 16 11

Baş redaktor: Orxan İsmayılov

[email protected]