20 yanvar, Sankt-Peterburg ARHD.AZ
Qanlı Yanvar hadisələrindən 35 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Təpədən - dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. Doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları düz 35 il əvvəl həmin gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı törədilən bu cinayət bəşəriyyət tarixində bənzəri olmayan hadisədir. Sovet ordusunun Azərbaycan xalqına qarşı fövqəladə vəziyyət elan edilmədən hərbi əməliyyatlara başladığını diqqətə çatdıran ARHD.AZ saytının Sankt-Peterburg üzrə nümayəndəsi Tofiq Məmmədov’un verdiyi məlumat üzrə faciə zamanı günahsız insanların qətlə yetirildiyini, bu qanlı tarixin xalqımızın yaddaşında dərin iz buraxdığını söyləyib. Diqqətə çatdırıb ki, yanvarın 19-dan 20-nə keçən gecə Sovet rəhbərliyinin əmri ilə 65 minlik hərbi qüvvə, xüsusilə erməni mənşəli əsgər və zabitlər heç bir xəbərdarlıq edilmədən beş istiqamətdən Bakıya daxil olublar. Tanklar və zirehli maşınlar qarşılarına çıxan avtomobilləri, insanları əzib keçib, hər kəsi atəşə tutublar. Yanvarın 20-də və sonrakı bir neçə gündə Bakıda, Neftçala və Lənkəranda, ümumilikdə, 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 800-dən çox insan həbs olunub.
ARHD.AZ saytının Sankt-Peterburg üzrə nümayəndəsi Tofiq Memmedov bildirib ki, hadisənin ertəsi günü Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında bu vəhşiliyə qarşı kəskin etirazını bildirib, təqsirkarların adlarını cəsarətlə dünyaya bəyan edib. Tofiq Məmmədov vurğulayıb ki, müstəqillik dövründə Azərbaycanda hakimiyyətə gələndən sonra Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilib və bu qanlı cinayətin əsl həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində real addımlar atılıb. Həmçinin Ermənistan tərəfindən 30 ilə yaxın işğala məruz qalmasına baxmayaraq, 44 günlük Vətən müharibəsi və lokal antiterror əməliyyatları nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyini də diqqətə çatdırıb.
1990-cı ilin bu günündə Azərbaycan xalqının tankların və ağır texnikanın qarşısına əliyalın çıxaraq öz müstəqilliyini tələb etməsindən, sovet ordusunun dinc insanları güllə-borana tutması nəticəsində 147 mülki şəxsin həlak olmasından, 744 nəfərin isə yaralanmasından bəhs edib.
“Biz bu gün, həmçinin Ümummilli Lider Heydər Əliyev’i dərin ehtiram hissi ilə yad edirik. O, qanlı hadisədən dərhal sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək, bu cinayəti qətiyyətlə pislədi. Onun təşəbbüsü ilə 1994-cü ildə bu hadisəyə siyasi və hüquqi qiymət verildi, yanvarın 20-si Ümumxalq Hüzn Günü elan edildi”, - deyə ARHD.AZ saytının Sankt-Peterburg üzrə nümayəndəsi vurğulayıb.
Sankt- Peterburg şəhərində 20 yanvar faciəsinin anılması tədbirinin təşkilatçılığı üçün yeni təyin olunmuş Baş Konsul Anar müəllimə və diaspora sədri Vaqif müəllimə dərin təşəkkürümü bildirirəm.
Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il faciənin ildönümündə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəmanlarının xatirəsini anır. Şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad edərkən ümummilli liderimiz Heydər Əliyevin bu fikirləri bir daha yada düşür: “20 Yanvar faciəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır. Onların həlak olması bizim üçün, xalqımız üçün böyük itkidir. Ancaq eyni zamanda onların şəhid olması xalqımızın qəhrəmanlıq rəmzidir. Onların tökülən qanı bütün xalqımızın qanıdır. O qanın hər damcısında xalqımızın qüdrəti, qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.
Allah şəhidlərimizə rəhmət eləsin...
ARHD.AZ İctimai-siyasi media saytı’ın rəhbəri :
Beynəlxalq Hüquq Eksperti : İsmayıl Zalov
ARHD.AZ İctimai siyasi media saytı’ın Baş redaktoru :
Orxan İsmayılov