
Bakı, 26 may, ARHD.AZ
İyulun 23–26-da “Sea Breeze” kurort şəhərində keçiriləcək “DREAM Fest” beynəlxalq musiqi festivalının aparıcılarının adları məlum olub. Festivalda MDB ölkələri, Avropa, Böyük Britaniya, Türkiyə və Kanadadan 50-dən çox ifaçı iştirak edəcək.
ARHD.AZ xəbər verir ki, aparıcılıq missiyasını televiziya aparıcısı və müğənni Regina Todorenko ilə aktyor Miloş Bikoviç yerinə yetirəcək.
Regina Todorenko artıq “DREAM Fest” izləyicilərinə tanışdır, belə ki, 2024-cü ildə ilk festivalın aparıcısı kimi özünü parlaq şəkildə göstərmiş və dərhal Bakıya qayıtmağa hazır olduğunu bildirmişdi: “Artıq növbəti festivalda yenidən aparıcı olmağı planlaşdırıram. Hətta gələn il yaşayacağım evi də əvvəlcədən bron etmişəm. Bakıda festivalın təşkilatçılığı çox xoşuma gəlir”, – deyə o, əvvəlki çıxışında qeyd etmişdi.
Miloş Bikoviç üçün bu festivalda iştirak debüt olacaq. “DREAM Fest”in axşamlarından biri Müslüm Maqomayevin xatirəsinə həsr olunacaq. “Maqomayev” teleserialında böyük sənətkarın obrazını canlandıran aktyorun həmin axşamda iştirakı xüsusi rəmzi məna daşıyacaq.
“DREAM Fest 2025” dünya üzrə sənətçiləri və tamaşaçıları bir araya gətirəcək. Musiqi proqramında EMIN, Timati, JONY, Yeqor Krid, OTTAWAN, AQUA, Sandra, HADDAWAY, Alsu və digər sevilən sənətçilər çıxış edəcəklər.
Festivalın qala-açılışı iyulun 23-də baş tutacaq. Həmin gün festival səhnəsində qonaqlarla yanaşı, Azərbaycan estradasının ulduzları Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, Tünzalə Ağayeva, Roza Zərgərli və Zamiq Hüseynov çıxış edəcəklər.
İyulun 24-də Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş tribyut gecəsi ilə yadda qalacaq. Bu gecədə böyük sənətkarın yaradıcılığını sevənlər unudulmaz duet və solo ifalara şahid olacaqlar.
İyulun 25-də XX əsrin 80–90-cı illərinin disko musiqisini sevərlər üçün bayram olacaq.
İyulun 26-da isə tamaşaçıları “Super Hit Day” gözləyir. Proqramda top çartların hitləri səsləndiriləcək.
Festival ildən-ilə daha geniş vüsət alır və regionun əsas mədəni hadisələrindən birinə çevrilməkdə davam edir.