Qahirə, 5 fevral, ARHD.AZ
Qətərin paytaxtı Dohada 12-ci Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi “AgriteQ 2025” öz işinə başlayıb.
ARHD.AZ Azərbaycanın Qətərdəki səfirliyinə istinadla xəbər verir ki, Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Taninin himayəsi altında təşkil olunmuş sərgidə Azərbaycan, Qırğızıstan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Oman, Somali, Albaniya, İndoneziya, Nepal, Malayziya, Tanzaniya, Uruqvay, Belarus, Niderland, Misir və digər ölkələr təmsil olunur. Sərgidə, ümumilikdə 29 ölkədən 300 şirkət iştirak edir.
Açılış mərasimində Qətərin Şura Məclisinin sədri Həsən bin Abdullah əl-Ğanim, təhsil naziri Lulvah bint Raşid bin Məhəmməd əl-Xatir, ədliyyə naziri və Nazirlər Kabinetinin işləri üzrə dövlət naziri İbrahim bin Əli əl-Muhənnədi, BƏƏ-nin iqlim dəyişiklikləri naziri Aminə bint Abdullah əl-Dahak, Somalinin kənd təsərrüfatı və suvarma naziri Məhəmməd Abdi Hayir və Albaniyanın kənd təsərrüfatı və kənd inkişaf naziri Anila Denaj, həmçinin Qətərdə akkreditə olunmuş xarici ölkələrin səfirləri, eləcə də regional və beynəlxalq kənd təsərrüfatı təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Qətərin bələdiyyə işləri üzrə naziri Abdullah bin Həməd bin Abdullah əl-Attiya qeyd edib ki, builki sərgi Qətərin “Milli Baxış -2030” proqramı çərçivəsində xüsusi əhəmiyyət kəsb edir. Sərginin hədəfi yerli istehsalın artırılması, fermerlərin dəstəklənməsi, beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi və ərzaq məhsuldarlığının artırılması üçün innovativ həllərin tətbiqinə əsaslanan inteqrasiya olunmuş kənd təsərrüfatı sisteminin inkişafına töhfə verməkdir.
Qətərli nazir əlavə edib ki, son beş ildə ölkəsində dövlət və özəl sektorunun birgə səyləri nəticəsində kənd təsərrüfatı istehsalında mühüm irəliləyişlər əldə edilib. Belə ki, ölkədə tərəvəz istehsalında 50 faiz, süd məhsulları istehsalında 97 faiz, təzə quş əti və süfrə yumurtası istehsalında 98 faiz artıma nail olunub. Bu onu göstərir ki, ölkə artıq bu sahələrdə özünü təmin edə bilir.
Qeyd edilməlidir ki, Azərbaycanın səfirliyinin təşəbbüsü və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə Qətərdə fəaliyyət göstərən Azərbaycan Ticarət Evi “AgriteQ 2025” sərgisində stend qurub. Azərbaycan stendində yerli istehsallı kənd təsərrüfatı məhsulları, o cümlədən mövsümi meyvələr, çərəzlər, bal, müxtəlif çeşiddə çay, zəfəran, mürəbbə, meyvə şirələri, turşu və konservləşdirilmiş tərəvəzlər nümayiş olunur. Həmçinin qeyd edilməlidir ki, təşviqat məqsədilə Qətərə göndərilmiş Kəlbəcərin “İstisu” mineral suları Dohada keçirilən belə bir mötəbər beynəlxalq sərgidə ilk dəfə olaraq təqdim olunub. Azərbaycan stendini ziyarət edən qonaqlara “İstisu” hədiyyə edilib.
Azərbaycanın milli stendində sərgilənən məhsullar ziyarətçilərin böyük marağına səbəb olub. Ölkəmizdə istehsal olunmuş məhsulların keyfiyyəti, qablaşdırılması və dadı Qətərin yerli iş adamları tərəfindən yüksək qiymətləndirilib və bu məhsulların Qətərə ixracının əhəmiyyəti vurğulanıb.
“AgriteQ 2025” beynəlxalq sərgisi 8 fevral tarixinədək davam edəcək.