London, 16 iyul, ARHD.AZ
Böyük Britaniyada inflyasiya proqnozları üstələyib
Böyük Britaniyada inflyasiya proqnozları üstələyərək iyun ayında 3,6 faizə yüksəlib.
ARHD.AZ BBC-yə istinadla xəbər verir ki, bu, 2024-cü ilin yanvarından bəri qeydə alınan ən yüksək inflyasiya göstəricisidir.
Rəsmi məlumatı Britaniyanın Milli Statistika İdarəsi (ONS) açıqlayıb. İnflyasiyanın yüksəlməsinə əsas səbəblər arasında ərzaq və geyim məhsullarının bahalaşması, hava və dəmir yolu nəqliyyat tariflərinin artması, həmçinin ötən illə müqayisədə yanacaq qiymətlərinin daha az ucuzlaşması göstərilir.
İyun ayı üçün açıqlanan göstərici analitiklər üçün gözlənilməz olub. Onlar inflyasiyanın aprel və mayda olduğu kimi 3,4 faiz səviyyəsində qalacağını proqnozlaşdırırdılar.
KPMG UK şirkətinin baş iqtisadçısı Yael Selfin bildirib ki, aprel ayında vergi artımları da daxil olmaqla davam edən əsas təzyiqlər səbəbindən payızda inflyasiyanın 4 faizə qədər yüksələcəyi ehtimal olunur.























