Aktau, 10 aprel, ARHD.AZ
Aktau dəniz ticarət limanında yük terminalının “Solvo” idarəetmə sistemi fəaliyyət göstərir.
Bu barədə ARHD.AZ-a “AMTP Milli Şirkəti” ASC-nin Kommersiya şöbəsinin müdiri Anuar Nemışov məlumat verib.
Onun sözlərinə görə, sistem lövbərdə gəmilərin sırasını idarə etməkdən tutmuş yükləmə əməliyyatlarının əlaqələndirilməsinə və göstərilən xidmətlərin qeydiyyatına qədər gəmi çağırışları üçün dispetçer dəstəyini təmin edir.
Bundan əlavə, rəqəmsal platforma vaqonların və nəqliyyat vasitələrinin liman ərazisinə çatdırılmasının idarə edilməsi, anbarda saxlamanın təşkili, həmçinin bütün anbardaxili əməliyyatların, o cümlədən malların daşınması, soyuducuların enerji təchizatına qoşulması üzrə aparılan işlərin qeydiyyatını əhatə edir.
Sistem, həmçinin növbənin təşkili və vaqonların bərəyə göndərilməsi işlərinin sənədləşdirilməsi daxil olmaqla, bütün bərə kompleksini idarə edir.
Bundan əlavə, sistem Bakı limanı ilə konteynerlər barədə elektron məlumat mübadiləsini həyata keçirir və konteynerlərin saxlanmasının və gəmiyə yüklənməsinin ilkin planlaşdırılması üzrə işlərin yerinə yetirilməsi üçün iri ekspeditor olan “KTZ Express” şirkəti ilə elektron məlumat mübadiləsinin sınaqdan keçirilməsi aparılır.