Ümummilli Lider Heydər Əliyevin Doğum Günü – Xalqın Qəlbində Əbədi Yaşayan Lider
Hər il may ayının 10-u Azərbaycan xalqı üçün xüsusi bir gündür. Bu tarix müasir Azərbaycanın qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin doğum günüdür. 1923-cü il mayın 10-da Naxçıvan şəhərində dünyaya gələn Heydər Əliyev, təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının böyük şəxsiyyətlərindən biri kimi tarixə düşüb. Onun zəngin siyasi irsi, müdrikliyi, uzaqgörənliyi və dövlətçilik təcrübəsi bu gün də xalqımız üçün örnəkdir.
Heydər Əliyevin dövlətçilik fəaliyyətinə baxdıqda, onun həyatının hər dövrü Vətənə və xalqa xidmət nümunəsidir. 1969-cu ildə Azərbaycana rəhbər seçildiyi gündən etibarən ölkənin inkişafı, elm və təhsilin yüksəldilməsi, iqtisadiyyatın gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Sovetlər birliyi çərçivəsində belə, Heydər Əliyev Azərbaycanın maraqlarını qətiyyətlə müdafiə edirdi.
1990-cı illərin əvvəllərində Azərbaycanın müstəqilliyi təzə bərpa olunduğu bir vaxtda, ölkə siyasi, iqtisadi və hərbi böhran içində idi. Məhz belə çətin bir dönəmdə xalqın təkidi ilə Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdı. Onun qətiyyəti və uzaqgörən siyasəti nəticəsində Azərbaycan müstəqilliyini möhkəmləndirdi, sabitlik və inkişaf yoluna qədəm qoydu.
1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ölkəmizin neft strategiyasının təməlini qoydu və Azərbaycanın beynəlxalq aləmdə mövqeyini gücləndirdi. Onun rəhbərliyi ilə hüquqi dövlət quruculuğu, iqtisadi islahatlar və xarici siyasətdə uğurlu nəticələr əldə olundu.
Bu gün Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu böyük irs uğurla davam etdirilir. Azərbaycanın əldə etdiyi iqtisadi və siyasi uğurlar, beynəlxalq arenada artan nüfuzu, məhz Ümummilli Liderin təməlini qoyduğu siyasətin bəhrəsidir.
Heydər Əliyev özü demişdi: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" Bu qürur dolu sözlər bu gün hər bir vətənpərvər azərbaycanlının qəlbində yaşayır.
Mayın 10-u – Heydər Əliyevin doğum günü təkcə bir tarix deyil, həm də millətin yaddaşında və qəlbində yaşadılan bir dəyərlər günüdür. Bu gün biz onun irsinə sadiq qalaraq, Azərbaycanı daha da irəli aparmaq əzmində birləşirik.