2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Şabran rayonu Padar kənd sakini Musayev Mübariz Müştağa oğlu 2025-ci il fevralın 1-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) müraciət edərək səsvermə günü 56 saylı Şabran–Xaçmaz seçki dairəsinin 53 saylı seçki məntəqəsində qanun pozuntularına yol verildiyini iddia etmiş, bu pozuntuların araşdırılmasını və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Seçki Məcəlləsinin tələbinə görə, iddia olunan qanun pozuntuları ilə bağlı müraciətlər ilkin olaraq dairə seçki komissiyasına verilməli, həmin müraciət üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərardan, hərəkətdən (hərəkətsizlikdən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.
Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə əsasən, şikayət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin şikayətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə əsasən qərara alır:
1. 2025-ci il yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində Şabran rayonu Padar kənd sakini Musayev Mübariz Müştağa oğlunun 2025-ci il 1 fevral tarixli 20 saylı müraciəti aidiyyəti üzrə araşdırılması üçün 56 saylı Şabran–Xaçmaz seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov