ABŞ-nin Qrenlandiya üzrə xüsusi elçisi Ceff Lendri Danimarkanın BMT normalarını pozaraq adanı işğal etdiyini bildirib.
Bu barədə ARHD.AZ TASS-a istinadən xəbər verir.
"Tarix əhəmiyyət kəsb edir. ABŞ İkinci Dünya müharibəsi zamanı Qrenlandiyanın suverenliyini müdafiə edib, çünki Danimarka bunu etmək iqtidarında deyildi. Müharibədən sonra Danimarka BMT protokolunu pozaraq və məhəl qoymadan onu yenidən işğal edib", - deyə o özünün "X" hesabında bildirib.
Danimarkanın ABŞ-dəki səfiri Yesper Serensen Trampın xüsusi elçisinin Qrenlandiyanın işğalı ilə bağlı bəyanatına cavab verib.
"Bəli, tarix əhəmiyyət kəsb edir. Danimarka krallığı həmişə ABŞ ilə çiyin-çiyinə dayanıb. 11 sentyabr (2001-ci il) terror hücumlarından sonra biz ABŞ-nin çağırışına cavab verdik. Adambaşına düşən əsgər sayına görə biz istənilən NATO ölkəsindən daha çox əsgər itirdik (antiterror əməliyyatlarında). Faktlar da vacibdir: əsrlər boyu Qrenlandiya krallığın bir hissəsi olub və bu, dəfələrlə ABŞ administrasiyaları, BMT və beynəlxalq səviyyədə qəbul edilib", - deyə səfir "X" hesabında yazıb.
O, həmçinin vurğulayıb ki, yalnız Qrenlandiya xalqı öz gələcəyini müəyyən etmək hüququna malikdir.
Diplomat qeyd edib ki, qrenlandiyalıların böyük əksəriyyəti krallıq daxilində muxtariyyət yolunu seçiblər.
"Qrenlandiya parlamentinin beş partiyasının hamısı bir daha təsdiqləyib ki, adanın ABŞ-nin tərkib hissəsi olmasını istəmirlər", - deyə Serensen əlavə edib.






















